Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

A- A A+

Bu gün Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi təşkil olunacaq.

Milli Olimpiya Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da baş tutacaq mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərasimdə gənc idmançılar Olimpiya məşəlinin söndürülməsindən əvvəl sonuncu dəfə bir araya gələcəklər.

Bağlanış mərasimində Azərbaycanın üçrəngli bayrağını Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kiloqram) və taekvondoçu Adil Kazımlı (73 kiloqram) daşıyacaqlar.

Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz – III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 3 qızıl və 3 gümüş medal var. Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kiloqram), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kiloqram), taekvondoçumuz Adil Kazımlı (73 kiloqram) və boksçumuz Gülər Hüseynova (51 kiloqram) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız hazırda bu nəticə ilə ümumi medal sıralamasındda 11-ci pillədə qərarlaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: