“Sabah” – “Barselona” oyunu ilə bağlı diqqətçəkən 5 maraqlı fakt

A- A A+

Noyabrın 25-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması bir sıra məqamlarına görə xüsusi əhəmiyyət daşıyır. Turnir cədvəli baxımından vacib olan bu görüş, eyni zamanda, Kataloniya klubunun Azərbaycan təmsilçilərinə qarşı ilk futbol qarşılaşması kimi də diqqət çəkir.

NUHÇIXAN xəbər verir ki, “Barselona”nın rəsmi saytı bu tarixi oyunun əhəmiyyətini daha yaxşı anlamaq üçün qarşılaşma ilə bağlı 5 maraqlı fakta nəzər salıb.

“Barselona” ilk dəfə Azərbaycan klubu ilə qarşılaşacaq

“Sabah” “Barselona”nın qarşılaşacağı ilk Azərbaycan klubu olacaq. Kataloniya təmsilçisi indiyədək Avropa turnirlərində heç bir Azərbaycan komandası ilə üz-üzə gəlməyib.

Qeyd edək ki, kataloniyalılar bir sıra ölkələrin təmsilçiləri ilə Avropa turnirlərində cəmi bir dəfə qarşılaşıblar. Malta klubu “Sliema Uonderers”, Lüksemburqun artıq fəaliyyətini dayandırmış “Aris Bonnevoie” və Latviyanın “Skonto Riqa” komandaları buna nümunədir.

“Barselona” üçün ən uzun səfər

Bakı səfəri “Barselona”nın avrokuboklar tarixində ən uzun səfəri olacaq. Barselonadan Bakıya qədər olan məsafə 3 min 970 kilometr təşkil edir. Bu göstərici kataloniyalıların əvvəlki rekordunu geridə qoyur. Belə ki, 2009 və 2010-cu illərdə Tatarıstanının Kazan şəhərində “Rubin”lə qarşılaşan “Barselona” həmin vaxt 3 min 725 kilometr məsafə qət etmişdi.

Entoni Qordonun Azərbaycanla bağlı xoş xatirələri var

“Barselona”nın futbolçusu Entoni Qordon Azərbaycanı artıq tanıyır. İngiltərəli cinah oyunçusu ötən mövsüm “Nyukasl”ın heyətində Bakıda “Qarabağ”a qarşı keçirilən görüşdə iştirak edib. Həmin matçın ilk hissəsində dörd qol vuran Qordon ötən mövsüm Çempionlar Liqasında ümumilikdə 10 dəfə fərqlənib.

Oyun Avropa çempionatına ev sahibliyi etmiş stadionda keçiriləcək

“Sabah”ın Çempionlar Liqasındakı matçlarına Bakı Olimpiya Stadionu ev sahibliyi edir. Təxminən 70 min tamaşaçı tutumuna malik bu arena Azərbaycanın ən böyük stadionudur. Bakı Olimpiya Stadionu 2021-ci ildə bir neçə ölkədə təşkil olunan futbol üzrə Avropa çempionatının da oyunlarını qəbul edib. Burada A qrupunun üç qarşılaşması – Uels - İsveçrə (1:1), Türkiyə - Uels (0:2), İsveçrə - Türkiyə (3:1) matçları, eləcə də 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) görüşü keçirilib.

“La Masia”dan “Sabah”a uzanan futbol yolu

2017-ci ildə yaradılan “Sabah”ın heyətində vaxtilə “Barselona”nın futbol akademiyasında yetişmiş iki futbolçu çıxış edib. Hər iki oyunçu 2021-ci ilin yayında Bakı klubuna qoşulub.

Onlardan biri Kristian Sebalyosdur. Santander şəhərində anadan olan futbolçu bir neçə mövsüm “Barselona”nın məşhur “La Masia” akademiyasında yetişib. O, 2011-ci ildə, hələ gənc futbolçu olarkən İngiltərənin “Tottenhem” klubuna keçib. Sebalyos 2021–2024-cü illərdə “Sabah”ın formasını geyinib və daha sonra futbolçu karyerasını başa vurub.

Digər futbolçu isə Xuan Kamaradır. O, iki mövsüm “Barselona”nın ikinci komandası olan “Barselona Atletik”də çıxış edib və əsas komandada iki oyuna qatılıb. Bu matçlardan biri UEFA Çempionlar Liqasında Almaniyanın “Bayer” klubuna, digəri isə İspaniya Kral Kubokunda “Valensiya”ya qarşı olub.

Hazırda Xuan Kamera Andorranın “İnter Eskaldes” klubunda çıxış edir.

Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu saat 21:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: