Azərbaycanın idmançıları İtaliyada keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanıblar.
NUHÇIXAN Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən M.Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də keçirilən həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisi ilə görüşdə 0:3 hesabı ilə geridə olan idmançımız əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub.
Digər güləşçimiz Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisi ilə üz-üzə gələn idmançımız prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı dörd xallıq üstünlüyü sonadək qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də keçirilən son görüş də güləşçimizin üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn N.Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançılarımızdan Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. Xorvatiyalı güləşçiyə ilk hissədə qalib gələn X.Həsənli yarımfinala yüksəlib. Lakin təmsilçimiz bu mərhələdə Rusiya idmançısına uduzub. Xasay iyunun 18-də üçüncü yer uğrunda görüşdə gürcüstanlı rəqibinə ilk hissədə qalib gəlməklə bürünc medalı boynundan asıb.