Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarının boks yarışları üçün püşkatma keçirilib.
NUHÇIXAN xəbər verir ki, iyunun 21-də start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib. Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi onaltıdabir, üçü səkkizdəbir finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur.
Kişilər arasında iyunun 21-də onaltıdabir final yarışlarında 56 kiloqram çəkidə Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan), 91 kiloqramda Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan), 91 kiloqramdan yuxarı çəkidə Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan) mübarizə aparacaq.
İyunun 22-də onaltıdabir finalda daha dörd boksçumuz mübarizəyə qoşulacaq. Belə ki, Cavid Çələbiyev (60 kq) – Nikola İvkoviç (Bosniya və Herseqovina), Lorenzo Sotomayor (69 kq) – Qurqen Madoyan (Ermənistan), Kamran Şahsuvarlı (75 kq) – Giorgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi, Alfonso Dominqes (81 kq) – Stepan Hrekulla (Ukrayna) güclərini sınayacaqlar.
Yarışların üçüncü günü - iyunun 23-də onaltıdabir finaldan mübarizəyə başlayacaq boksçumuz Bəxtiyar Qazıbəyov (64 kq) Enriko Kruzla (Hollandiya) qarşılaşacaq. Həmin gün səkkizdəbir finalda isə Rüfət Hüseynov (49 kq) – David Alaverdian (İsrail) döyüşəcək.
Boks yarışlarının dördüncü günündə - iyunun 24-də isə səkkizdəbir finalda Məsud Yusifzadə (52 kq) – Dmitri Zamotayev (Ukrayna) güclərini sınayacaq. Həmin gün qadınlar arasında təmsilçimiz Məryəm Cəbrayılova (69 kq) Vivyen Budai (Macarıstan) ilə qarşılaşacaq.