İkinci Avropa Oyunlarında ilk qələbəmi qazandım. Döyüş olduqca gərgin idman mübarizəsi şəraitində keçsə də, məşqçilərimin tapşırığını düzgün yerinə yetirdim və qalib gəldim.
NUHÇIXAN xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında 56 kiloqram çəki dərəcəsində onaltıdabir finalda bolqarıstanlı boksçuya qalib gələn Tayfur Əliyev söyləyib.
Boksçu bildirib: “Bu turnirdə Avropa Oyunlarının qalibi, həm də Avropa çempionu titulunu qazanmaq imkanı olduğundan burada bütün ölkələrdən güclü idmançılar mübarizə aparırlar. Növbəti görüşlərdə də qalib gəlməyə və Azərbaycana medal qazandırmağa çalışacağam”.
Qeyd edək ki, boksçularımızdan ilk olaraq Tayfur Əliyev (56 kq) mübarizəyə başlayıb. O, onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib.
Səkkizdəbir finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.