“Minsk 2019” ikinci Avropa Oyunlarının cüdo yarışlarının püşkü atılıb.
NUHÇIXAN xəbər verir ki, püşkatma mərasimində Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soleveyçik, beynəlxalq və qitə cüdo təşkilatlarının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, milli komandalarımızın məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşkün nəticəsində milli komandamızın heyətindəki 6 qadın və 9 kişi idmançının ilk rəqibləri müəyyənləşib.
Qadınların yarışında Aişə Qurbanlı (48 kq) rumıniyalı Aleksandra Pop, 52 kiloqram çəki dərəcəsində Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Larisa-Aleksandra Florian isə Polşa cüdoçusu Karolina Pienkovska ilə üz-üzə gələcəklər. İçinxorloo Munxtsedev (57 kq) gürcüstanlı Eteri Liparteliani, Nuriyyə Axundova (63 kq) rumıniyalı Adelina Dobre ilə görüşəcəklər. İrina Kindzerska (+78 kq) isə Sebile Akbulut (Türkiyə) - Jasmin Kuelbs (Almaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Orxan Səfərov David Starkel (Sloveniya), Kəramət Hüseynov Matyaz Trbovç (Sloveniya), 66 kiloqram çəki dərəcəsində Nicat Şıxəlizadə ukraynalı Boqdan İadov, 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov Sedrik Bessi (Monteneqro), Hidayət Heydərov Miklos Unqvari (Macarıstan), 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev Yahor Varapayev (Belarus) - Peter Zilka (Çexiya) cütünün qalibi, 100 kiloqram çəki dərəcəsində Elmar Qasımov ukraynalı Anton Savitski, Zelim Kotsoyev serbiyalı Boyan Dosen, Uşangi Kokauri (+100 kq) Vinçenzo Di Arko (İtaliya) - Vito Dragiç (Sloveniya) cütünün qalibi ilə güclərini sınayacaqlar.
Proqrama əsasən, iyunun 22-də qadınlar 48, 52 və 57, kişilər 60 və 66 kiloqram, iyunun 23-də qadınlar 63 və 70 kiloqram, kişilər 73 və 81 kiloqram, iyunun 24-də isə qadınlar 78 və 78 kiloqramdan yuxarı, kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyunun 25-də isə qarışıq komanda yarışları keçiriləcək. Millimiz ilk görüşdə Fransa cüdoçuları ilə üz-üzə gələcək.