İyunun 22-də - Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə atletlər idmanın 11 növü üzrə – basketbol 3x3, akrobatika gimnastikası, oxatma, boks, şose velosipedi, cüdo, bədii gimnastika, sambo, tüfəngdən və tapançadan atəşaçma, stend atıcılığı və masaüstü tennis yarışlarında mübarizə aparacaqlar. İdmanın yeddi növündə bu gün medalların sahibləri müəyyənləşəcək.
NUHÇIXAN xəbər verir ki, Oyunların ikinci günündə Azərbaycan idmançıları boks, cüdo, sambo, gimnastika, stend atıcılığı yarışlarında mübarizəyə qoşulacaqlar.
İdmançılarımızdan ilk olaraq stend atıcılığı yarışında Əli Hüseynli mübarizəyə qoşulacaq.
Samboçularımız “Minsk 2019”un ikinci günündə dörddəbir finalda yarışacaqlar. Mehman Xəlilov (57 kq) belaruslu Burds Vladislav, Emil Həsənov (68 kq) rumıniyalı Soke Laslo-Jolt, Ceyhun Hüseynov (82 kq) Gürcüstan təmsilçisi Berulava Besarioni, Gözəl Zutova (72 kq) isə fransalı Laroz Kami ilə qarşılaşacaqlar.
Cüdo yarışında qadınların mübarizəsində Aişə Qurbanlı (48 kq) Rumıniya təmsilçisi Aleksandra Pop, Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Larisa Aleksandra Florian (hər ikisi 52 kq) polşalı Karolina Pienkovska, İçinxorloo Munxtsedev (57 kq) Gürcüstan idmançısı Eteri Liparteliani ilə güclərini sınayacaqlar. Kişilərin yarışında Orxan Səfərov David Starkel (Sloveniya), Kəramət Hüseynov (hər ikisi 60 kq) Matyaj Trboviç (Sloveniya), Nicat Şıxəlizadə (66 kq) Boqdan Yadov (Ukrayna) ilə mübarizə aparacaqlar.
İyunun 22-də onaltıdabir finalda daha dörd boksçumuz mübarizəyə qoşulacaq. Belə ki, Cavid Çələbiyev (60 kq) Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç, Lorenzo Sotomayor (69 kq) ermənistanlı Qurqen Madoyan, Kamran Şahsuvarlı (75 kq) Giorgi Harabadze (Gürcüstan) - Miroslav Saviç (Serbiya) qarşılaşmasının qalibi, Alfonso Dominqes (81 kq) isə Stepan Hrekulla (Ukrayna) üz-üzə gələcəklər.
Oyunların ikinci günündə gimnastlarımızdan üçü - bədii gimnastika üzrə Zöhrə Ağamirova, akrobatika yarışlarında Ruhidil Qurbanlı və Abdulla Əl-Məşeyxi qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, iyunun 21-də - Minskdə keçirilən ikinci Avropa Oyunlarının birinci günündə Azərbaycanın dörd idmançısı mübarizə aparıb. Kişi boksçuların mübarizəsində Tayfur Əliyev (56 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxıblar. T.Əliyev onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib. Səkkizdəbir finalda onun rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.
Rinqə çıxan digər iki boksçumuz Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) da Bolqarıstan idmançıları ilə qarşılaşıblar. Hər iki idmançımız ilk görüşdə rəqiblərinə uduzublar.
Kamandan oxatma yarışında isə ölkəmizin yeganə təmsilçisi Ozay Qasımova mübarizə aparıb. Ozay Qasımova klassik kamandan oxatma üzrə reytinq yarışında 586 xal toplayıb. İdmançımız bu nəticə ilə otuzikidəbir finala vəsiqə qazanıb. O, iyunun 25-də otuzikidəbir finalda Almaniya təmsilçisi Elena Rixter ilə qarşılaşacaq.
“Minsk 2019”a iyunun 30-da yekun vurulacaq.