Azərbaycan güləşçiləri Murad Haqverdiyev və Sabir Cəfərov Avropa çempionatının finalında mübarizə aparacaqlar
Azərbaycanın gənc güləşçiləri Murad Haqverdiyev və Sabir Cəfərov İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatının finalına yüksəliblər.
NUHÇIXAN Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, çempionatın altıncı günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizəyə qoşulublar.
İlk mərhələdə Rusiya idmançısı ilə qarşılaşan Murad Haqverdiyev (45 kq) əzmkar qələbə qazanıb – 3:2. Dörddəbir finalda Moldova təmsilçisini çətinlik çəkmədən (10:0) üstələyən M.Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisi ilə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb - 7:6. Həlledici qarşılaşmada onun rəqibi Gürcüstan idmançısı Nikolozi Santeladze olacaq.
Çempionatda 60 kiloqram çəki dərəcəsində yarışan Sabir Cəfərov debütdə Avstriya idmançısı üzərində 12:0 hesabı ilə erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini mübarizədən kənarlaşdıran güləşçimiz dörddəbir finalda almaniyalı idmançıya da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib - 10:0. Rumıniya güləşçisinə də 8:1 hesabı ilə asanlıqla qalib gələn S.Cəfərov finalda güləşməyə haqq qazanıb. İdmançımız həlledici görüşdə Ermənistan təmsilçisi Genik Asaryanla qarşılaşacaq.
Digər idmançımız Saqadulla Ağayev (92) ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də yunanıstanlı idmançı Qkivi Bliatze ilə təsəlliverici görüşə çıxacaq.
Təmsilçilərimizdən Kənan Heybətov və Məhəmmədəli Əliyev yarışda rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, təsəlliverici və medal uğrunda görüşlər iyunun 23-də keçiriləcək.