Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının səkkizdəbir final mərhələsinə iyunun 22-də start verilib.
NUHÇIXAN xəbər verir ki, səkkizdəbir finalın birinci günündə Almaniya seçməsi Nigeriya yığmasının qapısından üç cavabsız top keçirib. Digər oyunda isə Norveç və Avstraliya milliləri qarşılaşıblar. Norveç millisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda qalibi müəyyənləşdirmək üçün təyin edilən 11 metrlik cərimə zərbələri seriyasında üstün olub - 4:1.
Səkkizdəbir finalın iyunun 23-də keçiriləcək görüşlərində İngiltərə yığması Kamerun, ev sahibi Fransa millisi isə Braziliya seçməsi ilə qarşılaşacaqlar. Bu mərhələ çərçivəsində iyunun 24-də İspaniya-ABŞ və İsveç-Kanada, iyunun 25-də isə İtaliya-Çin və Niderland-Yaponiya görüşləri oynanılacaq.
Xatırladaq ki, dünya çempionatında 24 komanda altı qrupda mübarizəyə qoşulub. A qrupunda Fransa, Cənubi Koreya, Norveç və Nigeriya milliləri yer alıblar. Almaniya, Çin, İspaniya və Cənubi Afrika seçmələri B, Avstraliya, İtaliya, Braziliya və Yamayka yığmaları C qrupunda mübarizə aparıblar. Çempionatın D qrupundan səkkizdəbir finala vəsiqə uğrunda İngiltərə, Şotlandiya, Argentina və Yaponiya, E qrupundan isə Kanada, Kamerun, Yeni Zelandiya və Hollandiya futbolçuları yarışıblar. Sonuncu - F qrupunda isə ABŞ, Tailand, Çili və İsveç seçmələri yer alıblar.
Mundialın görüşlərinə Fransanın 9 şəhəri - Paris, Le Havr, Valensien, Reyms, Renn, Lion, Monpelye, Nitsa, Qrenobl ev sahibliyi edir. Qrup mərhələsinə iyunun 20-də yekun vurulub. Dörddəbir final görüşləri iyunun 27-29-da keçiriləcək. Yarımfinal qarşılaşmaları iyulun 2-3-də, üçüncü yer uğrunda görüş isə iyulun 6-da oynanılacaq. Final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək.
Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniya millisini minimal hesabla məğlubiyyətə uğradıb.
Qadın futbolçular arasında ilk dünya çempionatı 1991-ci ildə keçirilib. İndiyədək 7 dəfə təşkil edilən dünya çempionatlarında ABŞ yığması üç dəfə kuboka sahib olub. Almaniya millisi 2, Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.