İyunun 23-də - “Minsk 2019” ikinci Avropa Oyunlarının üçüncü günündə atletlər idmanın 12 növü üzrə mübarizə aparacaqlar. Bu gün ümumilikdə idmanın doqquz növündə bu gün medalların sahibləri müəyyənləşəcək.
NUHÇIXAN xəbər verir ki, oyunların üçüncü günündə Azərbaycan idmançıları akrobatika gimnastikası, bədii gimnastika, boks, cüdo, sambo, şose velosipedi yarışlarında iştirak edəcəklər.
Akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında mübarizə aparacaq. Ötən gün millimizin aktivinə bir gümüş və bir bürünc medal yazdıran gimnastlarımız bu gün də medal qazanmağa çalışacaqlar.
Bədii gimnastika üzrə yığma komandamız üç növdə – üç dairə və dörd gürzlə, beş topla, həmçinin çoxnövçülük üzrə qrup hərəkətləri yarışlarında medallar uğrunda mübarizə aparacaq.
Kişi boksçuların mübarizəsində Rüfət Hüseynov (49 kq) səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyan ilə qarşılaşacaq. Mübarizəyə səkkizdəbir finaldan başlayacaq Məsud Yusifzadə (52 kq) isə ukraynalı Dmitro Zamotayev ilə görüşəcək. Bəxtiyar Qazıbəyov (64 kq) isə onaltıdabir finalda Niderland idmançısı Enriko Lakruz ilə üz-üzə gələcək. Həmçinin ötən gün onaltıdabir finalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraraq səkkizdəbir finala yüksələn Kamran Şahsuvarlı (75 kq) bu gün İrlandiya təmsilçisi Maykl Nevin ilə rinqə çıxacaq.
“Minsk 2019”da Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucovun (73 kq) otuzikidəbir finalda rəqibi Monteneqro idmançısı Sedriç Bessi olacaq. Bu çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Hidayət Heydərov da bu mərhələdə macarıstanlı Miklos Unqvarini məğlub etməyə çalışacaq. Qadın cüdoçularımızdan Nuriyyə Axundova (63 kq) isə otuzikidəbir finalda rumıniyalı Adelina Dobre Stefania ilə qarşılaşacaq.
Sambo yarışlarında üç idmançımız dörddəbir finalda mübarizə aparacaq. Ağasif Səmədov (52 kq) litvalı Gintaras Katkus, Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidis, Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpor ilə üz-üzə gələcəklər.
Şose velosipedi yarışında isə ölkəmizi Elçin Əsədov təmsil edəcək.
Xatırladaq ki, “Minks 2019”un birinci günündə Azərbaycan idmançıları 1 gümüş və 3 bürünc medal qazanıblar. Komandamız medal sıralamasında 10-cu pillədə qərarlaşıb.