Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyası (AAF) ilə birgə təşkil etdiyi turnirdə 120-yə yaxın atlet birincilik uğrunda mübarizə aparıb.
AAF-dan NUHÇIXAN-a bildiriblər ki, yarışda paytaxt klublarından başqa Sumqayıt, Gəncə, İsmayıllı, Bərdə və Xızıdan olan atletlər də iştirak edib.
Ölkə çempionatının birinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında Kəsgin Abbaszadə, hündürlüyə tullanmada Aydın Bədəlov və nüvəitələmədə Yusif Nəzərov qalib adını qazanıb. Qızların yarışında isə uzunluğa tullanmada Ülviyyə Cabbarova, nüvəitələmədə isə Günel Hüseynova birinci yerə layiq görülüb.
Oğlanlar arasında qaçış yarışlarında Əli Abdıyev (200 m), Vahid Kərimov (800 m) və Eldar Qurbanlı (3000 m) birinci olub. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (200 m) və Günel Manafova (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunublar.