İkinci Avropa Oyunları: Azərbaycanın üç güləşçisi dörddəbir finala yüksəlib

A- A A+

İyunun 25-də - “Minsk 2019” ikinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarına start verilib.

NUHÇIXAN xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub.

Güləşçilərimizdən ilk olaraq xalça üzərinə Mahir Əmiraslanov (57 kq) çıxıb. Azərbaycan pəhləvanı səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimiz dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov ilə qarşılaşacaq.

Aleksandr Qostiyev (86 kq) də mübarizəyə qələbə ilə başlayıb. Sərbəst güləşçimiz Moldova təmsilçisi Denis Balaur üzərində 7:1 hesablı qələbə qazanıb. Pəhləvanımız dörddəbir finalda Gürcüstan təmsilçisi Sandro Aminaşvili ilə görüşəcək.

Cəmaləddin Maqomedov (125 kq) səkkizdəbir finalda Belarus idmançısı Vitali Piasniak ilə üz-üzə gəlib. İdmançımız rəqibinə 6:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda pəhləvanımızın rəqibi macarıstanlı Daniel Ligeti olacaq.

Hacımurad Qadcıyev (74 kq) isə türkiyəli Söner Demirtaşa 3:4 hesabı ilə uduzub.

Xatırladaq ki, “Bakı 2015” birinci Avropa Oyunlarında Azərbaycan güləşçiləri ümumilikdə 15 medal, o cümlədən 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar. Sərbəst güləşçilərimiz isə 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: