“Real Madrid” klubu tarixində 13-cü dəfə qazandığı Çempionlar Liqası kubokunu doğma şəhərindəki azarkeşlərinə təqdim edib. Kiyevdən qələbə ilə dönən komanda Madriddə böyük təmtəraqla qarşılanıb.
NUHÇIXAN xəbər verir ki, mayın 27-də komanda əvvəlcə Almudana kilsəsini ziyarət edib. Bundan sonra klubun prezidenti Florentino Peres başda olmaqla komandanın məşqçi və oyunçuları Madrid şəhər meriyasında qəbulda olublar. Burada Madrid meri Anhel Qorrido ilə görüşən komanda üzvləri, meriyanın balkonundan Sol meydanına toplaşmış izdiham qarşısında çıxış ediblər. Bundan sonra komanda Sibeles meydanına üz tutub və buradakı azarkeşlər qarşısında çıxış edib, kuboku nümayiş etdiriblər.