Naxçıvan güləşçisi Hacı Əliyev erməni əsilli güləşçini məğlub edərək ikinci Avropa Oyunlarının finalına yüksəlib
İyunun 26-da - “Minsk 2019”un sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finala yüksəlib.
NUHÇIXAN xəbər verir ki, güləşçimiz yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı məğlub edib. Görüşün ilk yarısı H.Ohanesyanın üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə H.Əliyev rəqibdən 4 xal alaraq hesabda önə çıxıb. Rəqib etirazla 1 xal alaraq görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisinin oyunda daha fəal olması ilə əlaqədar qələbə idmançımıza verilib.
Mübarizəyə səkkizdəbir finaldan başlayan H.Əliyev əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. O, finalda Gürcüstan təmsilçisi Vladimer Xinçeqaşvili ilə üz-üzə gələcək. Final görüşü iyunun 27-də keçiriləcək.
Üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyev “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olub.