İngiltərənin “Çelsi” futbol klubu İspaniyanın “Real” komandasından xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiçin hüquqlarını alıb. Bu barədə “qazeta.ru” saytı ispan klubuna istinadla bildirib.
NUHÇIXAN xəbər verir ki, razılaşmanın təfərrüatları dəqiqləşdirilməyib. Ötən mövsümdə Kovaçiç kirayə hüququ ilə “Çelsi”nin heyətində çıxış edib. “Transfermarkt” portalının məlumatına görə, 25 yaşlı futbolçunun transferi 45 milyon avro dəyərləndirilir.
Başa çatan mövsümdə Kovaçiç “Çelsi”nin heyətində Avropa Liqasının qalibi olub. O, komanda uğrunda müxtəlif turnirlərdə keçirdiyi 51 oyunda iki qolun müəllifidir.
Xorvatiyalı “Real”ın heyətində İspaniya çempionu, ölkə kubokunun sahibi, həmçinin üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun qalibi adını qazanıb. “Çelsi” və “Real”la yanaşı, Kovaçiç İtaliyanın “İnter” və Xorvatiyanın “Dinamo” (Zaqreb) klublarının da idman şərəfini qoruyub. Rusiyada keçirilən 2018-ci il dünya çempionatında Mateo Xorvatiya yığması ilə finaladək addımlayıb, burada komanda fransızlara məğlub olub. O, milli yığmanın heyətində oynadığı 50 matçda qapıdan bir top keçirib.