Qadın futbolçular arasında dünya çempionatının finalında ABŞ və Hollandiya yığmaları qarşılaşacaqlar

A- A A+

Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının ikinci finalçısı da müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, yarımfinal mərhələsinin ötən gün keçirilən sonuncu oyununda Hollandiya və İsveç yığmaları qarşılaşıblar. Əsas vaxtı qolsuz heç-heçə ilə başa çatan oyunda qalibi müəyyənləşdirmək üçün əlavə olunan hissədə rəqib qapısına yol tapan Hollandiya yığması adını finala yazdırıb. Yarımfinal mərhələsinin birinci oyununda isə ABŞ seçməsi İngiltərə millisi üzərində 2:1 hesabı ilə qələbə qazanmışdı.

Beləliklə, iyulun 7-də Lion şəhərində oynanılacaq final görüşündə ABŞ və Hollandiya komandaları üz-üzə gələcəklər. İyulun 6-da oynanılacaq üçüncü yer uğrunda görüşdə isə İngiltərə və İsveç seçmələri qarşılaşacaqlar.

Dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparıb.

Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniyanı minimal hesabla məğlubiyyətə uğradıb.

Qadın futbolçular arasında ilk dünya çempionatı 1991-ci ildə keçirilib. İndiyədək 7 dəfə təşkil edilən dünya çempionatlarında ABŞ yığması üç dəfə kuboka sahib olub. Almaniya millisi 2, Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: