Futbol üzrə İngiltərə millisinin və “Çelsi” klubunun sabiq yarımmüdafiəçisi Frenk Lampard London təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin edilib.
NUHÇIXAN xəbər verir ki, beş il əvvəl “Çelsi”dən ayrılan 41 yaşlı F.Lampard bu klubun tarixində ən məhsuldar futbolçu olub. “Zadəganlar”ın heyətində çıxış etdiyi 2001-2014-cü illərdə 211 qol vuran F.Lampard bu müddətdə UEFA Çempionlar Liqasının, üç dəfə Premyer Liqanın və dörd dəfə FA Kuboku turnirinin qalibi adını qazanıb.
F.Lampard məşqçilik karyerasına İngiltərənin ikinci liqasında - Çempionşipdə çıxış edən “Derbi Kaunti” komandasını çalışdırmaqla başlayıb. Klub onun rəhbərliyi ilə Premyer Liqaya yüksəlmək üçün təsnifat mərhələsinə vəsiqə qazansa da, bu şansı əldən vermişdi.
Xatırladaq ki, “Çelsi” klubunu 2016-cı ildən çalışdıran italiyalı Maurizio Sarri “Yuventus” ilə müqavilə bağlayıb.