Rəqiblərimizi müəyyən qədər tanıyırıq. Kifayət qədər güclü komandalardır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Çempionlar Liqasındakı rəqiblərindən danışarkən “Araz” futzal klubunun qapıçısı Rövşən Hüseynli deyib.
Qapıçı bildirib ki, “Benfika” Belçika çempionatının qalibidir. Bu klub ölkəsində pley-off mərhələsində Çempionlar Liqasının son qalibi “Sportinq”dən güclü olub. “Benfika” qrupumuzun aşkar favoritidir. Ukrayna çempionu haqda da xoş sözlər söyləmək olar. Çünki bu ölkənin futzalı hər zaman yüksəlişdə olub. “Xerson” gənclərlə təcrübəlilərin vəhdətindən qurulmuş bir komandadır. “Halle Gooik” digər iki rəqibimizə nisbətən zəif hesab edilsə də, qrup oyunlarına ev sahibliyi edəcəklərini unutmayaq. Ev sahibi komandalara qarşı oynamaq isə hər zaman çətin olur. Ümumiləşdirsək, güclü rəqiblərlə mübarizə aparacağıq, amma mərhələ adlamaq üçün şansımız var. Çünki bu qrupdan 3 komanda elit-raunda yüksələcək.
“Əvvəlki illərdə biz “B” yolunda mübarizə apardığımıza görə, qrupdan ancaq bir komanda növbəti mərhələyə vəsiqə qazanırdı. Bizə ən azı bir oyunda qələbə qazanmaq və digər matçlarda diqqətli oynamaq lazımdır”, - deyə R.Hüseynli əlavə edib.
Bildirib ki, “Araz” hələ hazırlığa başlamayıb. Məşqlərə başladıqdan və heyətimiz komplektləşdikdən sonra gücümüz haqda danışa bilərik. Ancaq püşkün bu vaxtlarda atılması və rəqiblərimizin müəyyənləşməsi yaxşı haldır. Heyətimizi buna uyğun qurmaq imkanımız olacaq. Oktyabrda bizi həm də dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir və “Araz”ın bu görüşləri ilə millinin qarşılaşmaları arasında maksimum 2 həftəyə yaxın vaxt olacaq. Belə deyək də, bizi payızda maraqlı futzal mövsümü gözləyir. Sentyabrda millinin Rusiyada toplanışı və beynəlxalq turnirdə iştirakı olacaq ki, bu da Çempionlar Liqasına yaxşı hazırlaşmağımıza kömək edəcək”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb və təmsilçimiz “Araz”ın rəqibləri müəyyənləşib. Oktyabrın 8-dən 13-dək keçiriləcək mərhələ qarşılaşmalarında təmsilçimiz “Benfika” (Portuqaliya), “Xerson” (Ukrayna) və “Halle Gooik” (Belçika) klubları ilə qarşılaşacaq. Qrup oyunlarına Belçika ev sahibliyi edəcək.