İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında iştirak edəcək taekvondoçularımız iyulun 5-də bu ölkəyə yola düşüblər.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan millisinin heyətində beş taekvondoçumuz yer alıb. İyulun 7-də start götürəcək taekvondo yarışlarında Qaşım Maqomedov (58 kq), Əli Məmmədov (63 kq), Ayxan Tağızadə (74 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.
İyulun 13-də yekun vurulacaq turnirdə komandamızın üzvləri baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında 24-cü yerdə qərarlaşmışdı.