2019-cu ilin altı ayı ərzində naxçıvanlı idmançılar ölkə birinciliklərində 130, beynəlxalq turnirlərdə 102, dünya çempionatında 2, Avropa çempionatında 1 medal olmaqla, ümumilikdə, 235 medal qazanıblar.
NUHÇIXAN xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. O bildirib ki, nazirlik 2019-cu ilin 6 ayı ərzində öz işini təsdiq olunmuş iş planına və 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən qurub. Ötən dövr ərzində nazirlik 314 tədbir reallaşdırıb.
Qeyd olunub ki, 2019-cu ilin birinci yarısında yaradıcı düşünən, sağlam gənclərin yetişdirilməsi və onların ordu sıralarına hazırlanması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi idman oyunu, gənclər arasında “Hədəf” adlı atış təlimi, “Şahin” və “Sərhəd” hərbi idman oyunlarının muxtar respublika birincilikləri keçirilib, “Vətənpərvərlik nümunəsi” videoçarxı çəkilib, “Şahin” hərbi idman oyununun final mərhələsində muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin edilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində tələbələr üçün “Qış məktəbləri” təşkil olunub, yeniyetmələr arasında “İntellektual oyunlar olimpiadası”nın rayon (şəhər) və muxtar respublika birincilikləri keçirilib. Gənclər arasında “Axtar tap” intellektual oyunları, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası təşkil edilib.
“Hesabat dövründə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku” təşkil edilib, həmin intellektual oyunun XI Azərbaycan çempionatının muxtar respublika üzrə zona mərhələsi keçirilib və çempionatda Naxçıvanı təmsil edən komandaların iştirakı təmin olunub”, - deyən Azad Cabbarov bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” strateji intellekt oyunu üzrə “Universiada” da keçirilib, Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin olunub.
Vurğulanıb ki, hesabat dövründə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının yekun iclasları təşkil olunub, Futbol və Kikboksinq federasiyalarının yeni sədrləri təyin edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar muxtar respublikada “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalı, “Heydər Əliyev kuboku” uğrunda turnir, Azərbaycan kubokunun final oyunu, beynəlxalq turnirlər, müxtəlif idman növləri üzrə muxtar respublika turnirləri təşkil edilib. Həmçinin Türkiyə və Naxçıvan alpinistlərinin, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş olub. Həmçinin Atıcılıq Mərkəzində və İlham Əliyev adına Olimpiya İdman Kompleksində yenidənqurma işləri aparılıb, təlim-məşq toplanışları və seminarlar keçirilib.
Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasında Gənclər və İdman Nazirliyinə verilmiş tapşırığa əsasən mövcud idman infrastrukturundan istifadəyə və onların qorunub saxlanılmasına, gənclərlə iş sahəsində fəaliyyətə diqqət artırılmalı, idman federasiyaları ilə əlaqələr gücləndirilməli, yarışlar keçirilməli, idmanın kütləviliyinə nail olunmalıdır.
Sonra nazirlik əməkdaşlarının məruzə ətrafında çıxışları olub.