İyulun 12-də Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin oyunları start götürür.
NUHÇIXAN xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edəcək. Qran-Pridə, həmçinin Aniş Giri (Hollandiya), Maksim Vaşe-Laqrav (Fransa), Aleksandr Qrişuk, Sergey Karyakin, Pyotr Svidler, Nikita Vityuqov, Daniel Dubov (hamısı Rusiya), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Veselin Topalov (Bolqarıstan), Yu Yanqi (Çin), David Navara (Çexiya), Pentala Harikrişna (Hindistan), Kriştof Duda (Polşa) mübarizə aparacaqlar.
İlk mərhələdə - səkkizdəbir finalda Ş.Məmmədyarovun rəqibi D.Dubov olacaq. Turun digər oyunlarında isə S.Karyakin A.Giri, M. Vaşe-Laqrav David Navara, N.Vityuqov Aleksandr Qrişuk, U.So P. Harikrişna, L.Aronyan Y.Yanqi, H.Nakamura V.Topalov, P.Svidler K.Duda ilə qarşılaşacaqlar.
Qran-Pri pley-off sistemi üzrə keçiriləcək. Qarşılaşmalarda qalib gələn şahmatçılar növbəti mərhələyə vəsiqə qazanacaq, uduzanlar isə yarışı tərk edəcəklər. Yarışda göstərilən nəticələrə görə şahmatçıların adına əvvəlki kimi xallar yazılacaq. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov birinci mərhələdə ilk raundda uduzaraq turnirlə vidalaşmalı olublar. Teymur Rəcəbov Riqa turnirində iştirak etməyəcək. Şəhriyar Məmmədyarov Riqa turnirindən başqa, Tel-Əviv mərhələsində də mübarizə aparacaq. Teymur Rəcəbov isə Hamburq və Tel-Əviv mərhələlərində iştirak edəcək.