Avropa Gənclər Olimpiya Festivalının velosiped yarışlarında Azərbaycanı təmsil edəcək heyət müəyyənləşib
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında velosiped üzrə Azərbaycanı təmsil edəcək oğlanlardan və qızlardan ibarət yığma komandaların heyəti açıqlanıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, mötəbər yarışda 3 qız və 3 oğlan velosipedçi yarışacaq. Qızların mübarizəsində Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi), Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi) çıxış edəcəklər. Oğlanların yarışında isə Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi), Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi), Nofəl Nuriyev (“Neftçi” İdman Klubu İctimai Birliyi) güclərini sınayacaqlar.
Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin Festivala hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışının və yoxlama yarışlarının nəticələri əsas götürülüb.
Festivalın proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə yarışlar keçiriləcək.