Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov iclasda bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Futbol Federasiyasının strukturunda dəyişiklik edilib. Muxtar respublikada futbolun inkişafı, kütləvi hal alması üçün artıq federasiya qarşıdakı 5 il ərzində görəcəyi işlərlə bağlı proqram hazırlayıb. Proqrama əsasən, ilk olaraq federasiyanın qarşısında duran əsas məsələ uşaq futbolu ilə bağlıdır. Bunun üçün artıq müəyyən qərarlar qəbul olunub və cari mövsümdən başlayaraq uşaq liqaları təşkil olunacaq. Bu, proqrama uyğun olaraq 5 il davam edəcək və alt yaş qruplarında yetişən futbolçular əsas komandaya cəlb olunacaqlar.
Həmçinin, cari ildən başlayaraq, əsas liqanın səviyyəsini artırmaq üçün müəyyənləşdirilmiş yaş limitləri tətbiq olunacaq, hakimlər, məşqçilər üçün seminarlar təşkil ediləcəkdir. Federasiya olaraq eyni zamanda kəndlərin həvəskar komandaları arasında çempionat oyunları, futzal üzrə dövlət və özəl təşkilatlar, könüllü komandalar arasında “Naxçıvan kuboku-95” turniri, futzal üzrə muxtar respublika birinciliyi və məktəblilər arasında futbol çempionatı keçiriləcəkdir. Bu yarışlar hər il mütəmadi olaraq davam etdiriləcək. Keçirilən yarışlarla bağlı hər həftə və hər ay geniş məlumatlar hazırlanacaq və bunlar iclaslarda müzakirə olunacaq.
“Eyni zamanda gündəlikdə duran məsələlərə əsasən federasiyanın yeni tərkibi müəyyən olunacaq”,- deyən Azad Cabbarov struktur dəyişikliyindən sonra yeni təyinatların adlarını açıqlayıb. Belə ki, Sakit Rzayev federasiyanın sədr müavini, Əsgər Abdullayev Futbol Federasiyasında böyük məşqçi, eyni zamanda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi, Ceyhun Məmmədov Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr departementlərinin direktoru, İbrahim Rzayev federasiyanın inzibati təsərrüfat departamentinin direktoru, Emil Səmədov isə informasiya və ictimaiyyətlə əlaqələr departementinin direktoru vəzifəsinə təyin olunublar.
Futbol Federasiyasının böyük məşqçisi, həmçinin “Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayev muxtar respublika rəhbərinə ona ikinci dəfə etimat göstərdiyinə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, bu gün muxtar respublikada futbolun inkişafı üçün hər bir imkan var – yeni stadionlar tikilib, bəziləri isə yenidən bərpa olunaraq futbolçuların ixtiyarına verilib. İndi əsas məsələ bunlardan səmərəli istifadə etmək, futbolçu nəsli yetişdirməkdir. Həmçinin 5 il bundan qabaq “Araz-Naxçıvan” komandası Birinci Divizionun qalibi olub. Deməli, yeniyetmə və gənclərin futbola marağı var və biz bu yolda onlara kömək etməli, düzgün istiqamət verməliyik. Bunun üçün hamımız birlik olub bizə göstərilən etimadı doğrulmalıyıq. Keçiriləcək müəyyən yaş qrupları üzrə liqalarda istedadlı uşaqları üzə çıxarıb onlarla çalışmaq lazımdır. Artıq bizim də planlarımız var və buna əsasən hər həftə digər şəhər və rayon komandalarının məşqlərində iştirak edəcəyik. Həmçinin onları əsas komandanın məşqlərinə çağıracaq, seminarlar təşkil edəcəyik. Çalışacağıq ki, qarşıdakı mövsümün sonunda işimizin bəhrəsini görək.
Futbol Federasiyasının sədri Azad Cabbarov isə çıxış edərək qeyd edib ki, hər bir məşqçi Əsgər Abdullayevin təcrübəsindən istifadə etməlidir. Biz federasiya olaraq məşqçilər üçün hər ay seminarlar, kurslar təşkil edəcəyik. Burada Azərbaycanın tanınmış məşqçiləri də iştirak edəcək. Həmçinin məşqçilərimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən təşkil olunacaq kurslara göndəriləcək. Futbolun kütləvi hal alması üçün artıq ölkə futbol federasiyası ilə də danışıqlarımız olub və birlikdə böyük uğurlara imza atacağımıza əminəm.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.
Çıxışlardan sonra Əsgər Abdullayevlə müqavilə imzalanıb.
Sonda çıxış edən Futbol Federasiyasının sədri muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək qeyd edib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.
Əli İbrahimbəyli