Azərbaycan millisi baş məşqçi Qurban Qurbanov rəhbərliyi altında ilk qələbəsini qazanıb

A- A A+

Mayın 29-da futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Azərbaycan və Qırğızıstan yığmaları Bakı Olimpiya Stadionunda yoldaşlıq oyununda üz-üzə gəliblər.

NUHÇIXAN xəbər verir ki, türkiyəli baş hakim Ali Palabıyıkın idarə etdiyi oyuna daha fəal başlayan Azərbaycan millisi matçın 17-ci dəqiqəsində istəyinə nail olub. Maksim Medvedev başla topu Qırğızıstan yığmasının qapısından keçirib. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib. Matçın ilk hissəsi Azərbaycan millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 74-cü dəqiqəsində millimizin üzvü Mahir Mədətov ikinci topu rəqib qapısından keçirib. On dəqiqə sonra Ürfan Abbasov fərqlənərək hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi 3:0 hesablı qələbə qazanıb.

Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı və ilk qələbəsi olub. Milli komandamız bu görüşdən əvvəl Moldova və Makedoniya ilə heç-heçə edib, Belarus seçməsinə isə məğlub olub.

Qırğızıstanla yoldaşlıq oyunu millimizin üzvləri Mahir Mədətov və Ürfan Abbasov üçün əlamətdar olub. Belə ki, futbolçularımız Azərbaycan millisində qol hesablarını açıblar.

Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: