“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü ilə iyulun 19-da qurumun nümayəndələri ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib. İclasda əsas mövzu Festivalda Azərbaycan milli komandasının bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar komandamızın bayraqdarı kimi 15 yaşlı cüdoçu Vüqar Talıbovun seçilməsinə üstünlük veriblər. Beləliklə, XV Avropa Gənclər Olimpiya Festivalının iyulun 21-də “Bakı Crystall Hall”da keçiriləcək açılış mərasimində Azərbaycanın bayrağını V.Talıbov daşıyacaq.
V.Talıbov 2003-ci il avqustun 11-də anadan olub. O, 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa Kubokunun qalibi, eləcə də Afrika Kubokunun gümüş, Asiya Kubokunun bürünc mükafatçısıdır.
İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar ölkəmizə 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya Festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.