Futbolçularımız qələbəni çox istəyirdilər. Çünki bu, rəhbərliyim altında ilk qələbə olacaqdı.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Qırğızıstan millisi ilə yoldaşlıq oyunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov mayın 29-da təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, birinci hissədə həyəcan hiss olunurdu. Ancaq ikinci hissədə uğurlu əvəzləmələr də öz sözünü dedi. Bu oyunda düşündüyümüz hər epizodla qarşılaşdıq. İkinci hissədə daha çox hücum etdik. İlk hissədə rəqib daha çox müdafiə olunurdu.
"Bu qələbə bizə çox vacib idi. Ancaq deyə bilmərik ki, optimal formadayıq. Məşqdə etdiyimiz hücumları gördüm. Düzdür, ilk hissədə elə də alınmadı. Ümumiyyətlə, futbolçuların düşüncələrindən çox razı qaldım. Bizim üçün hər bir oyun vacibdir, o cümlədən qələbə də. Futbolçularımı təbrik edirəm", - deyə Qurban Qurbanov əlavə edib.
Qırğızıstan milli komandasının baş məşqçisi Aleksandr Krestinin deyib: "Gözəl stadionda oynadıq, yaxşı komandaya qarşı mübarizə apardıq. Bu matç bizim üçün böyük təcrübə oldu. Çünki komandamızın üzvlərində təcrübə çatışmır, futbolçularımız təzyiq altında oynaya bilmir. Buna görə daha çox səfər oyunlarına üstünlük veririk. Komandamın oyunundan razı qalmadım. Rəqibin təzyiqlərinə tab gətirmədik. Oyundan əvvəl qələbəyə ümid edirdik, lakin alınmadı".
Aleksandr Krestinin bildirib ki, Azərbaycan millisi daha təcrübəli futbolçulardan qurulub: “Normal halda biz standart vəziyyətdən qol buraxmırıq. Bu gün isə Azərbaycan yığması iki belə epizodda qol vurdu. Azərbaycan yığması yaxşı komandadır, gözəl oyun nümayiş etdirir. Belə davam etsə, komandanızın qrupda yaxşı yerlərdən birini tutacağını düşünürəm. Sizə Millətlər Liqasında uğurlar arzulayıram”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə keçirilən yoldaşlıq oyunu Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.