Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) və Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.
NUHÇIXAN xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında baş tutacaq püşkatmada öncə Ağdam klubunun ÇL-dəki rəqibi bəlli olacaq. “Qarabağ”ın səpələnməmişlər səbətində yer alacağı püşk Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
ÇL-in II raundunda “Dandolk” səddini keçəcəyi təqdirdə, Azərbaycan təmsilçisi “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin “Ayaks”la üz-üzə gələ bilər.
"Dandolk"u üstələyə bilməyəcəyi təqdirdə isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Bu halda “Qarabağ”ın “Partizani” (Albaniya) / “Şerif” (Moldova), “Slovan” (Slovakiya) / “Feronikeli” (Kosovo), “Santo Koloma” (Andorra) / “Astana” (Qazaxıstan) və “Şkendiya” (Makedoniya) / “Düdelanj” (Lüksemburq") cütlərinin qalibi, eləcə də “Sarayevo” ilə düşməsi mümkündür. Püşkatma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Ağdam klubu “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. "Qarabağ" I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).