“Real” futbol klubu oyunçu Qaret Beyli və 90 milyon avro əlavə haqq müqabilində braziliyalı hücumçu Neymarın transferi haqqında Fransanın PSJ klubuna təklif yollayıb. Bu barədə məlumatı “Qazeta.Ru” iyulun 22-də “Mundo Deportivo” nəşrinə istinadla yazıb.
Mənbənin informasiyasına görə, Neymar PSJ-yə keçənə qədər oynadığı “Barselona” klubuna qayıtmaq istəyir, lakin Kataloniya klubu futbolçunun transferi uğrunda mübarizədən çıxıb, çünki fransalı forvard Antuan Qrizmannın satın alınmasına 120 milyon avro xərcləyib. Bildirilir ki, “Real” 27 yaşlı braziliyalının transferinə görə bundan əvvəl də PSJ-yə təklif yollayıb. O vaxt Madrid klubu komandanın kolumbiyalı yarımmüdafiəçisi Xames Rodrigesi və əlavə pul təklif edib. İndi Fransa klubunun prezidenti Nasser əl-Xelaifi daha sərfəli təklif alıb və bu təklif iki həftə əvvəl verilib. “Real”ın baş məşqçisi Zinəddin Zidan daha əvvəl bildirib ki, Beyl başqa kluba keçmək qərarını qəbul etməyə yaxındır.
NUHÇIXAN xəbər verir ki, Neymar PSJ-yə 2017-ci ilin yayında rekord 222 milyon avro haqq müqabilində “Barselona” dan keçib. Hücumçunun Fransa komandası ilə müqaviləsi 2022-ci ildə başa çatır. Braziliyalı parislilərin klubu uğrunda 58 görüş keçirib, 51 qol vurub, 29 səmərəli ötürmə edib. O, iki dəfə Fransa çempionu (2018, 2019) olub, Fransa Kubokunu (2018), Liqa Kubokunu (2018) və Fransa Superkubokunu (2018) udub.
Beyl 2013-cü ilin yayında 101 milyon avro müqabilində “Real”dan İngiltərənin “Tottenhem” klubuna keçib. Ötən mövsümdə oyunçu İspaniya klubu uğrunda 42 matç keçirib, 14 qol vurub və qolla nəticələnmiş altı ötürmə edib. Beyl “Real”ın heyətində İspaniya çempionu, İspaniya Kubokunun və Superkubokunun sahibidir.
Hücumçu dörd dəfə Çempionlar Liqasında qalib gəlib, üç dəfə klublar arasında dünya çempionatını və üç dəfə UEFA Superkubokunu udub.