İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü gününə qələbə ilə başlayan Azərbaycan pəhləvanları uğurlu çıxışlarını davam etdirirlər.
NUHÇIXAN xəbər verir ki, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev (65 kq) ilk mərhələdə gürcüstanlı Davit Patsinaşvilini (13:3), sonra Hamza Duhan Dumanı (10:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Onun komanda yoldaşı yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisi 7:0, səkkizdəbir finalda finlandiyalı Kasperi Kauhaneni (3:1) məğlub edərək dörddəbir finala yüksəlib. Onun komanda yoldaşı Elmir Əliyev (51 kq) isə səkkizdəbir finalda norveçli Kristoffer Andreseni 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sərbəst güləşçimiz Kənan Heybətov (51 kq) səkkizdəbir finalda ukraynalı İvan Terzini (12:2) mübarizədən kənarlaşdırıb.
Qadın güləşçilərimizdən isə Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmanı (8:0), onun komanda yoldaş Elnurə Məmmədova (53 kq) macarıstanlı Flora Vizini (*4-4) məğlub edərək dörddəbir finala çıxıblar. Birgül Soltanova (57 kq) isə rusiyalı Dariya Manuilə məğlub olub.
Güləş yarışları davam edir.