Ağır atletlərimizdən yeni rekord - FOTOLAR
NUHÇIXAN xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirmələri Azərbaycan çempionatında iştirak ediblər. İdmançılarımız yenə də qazandıqları uğurlarla ölkəmizin idman ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıblar. Belə ki, ilk dəfə olaraq bölmənin qız idmançısı Gülcahan Əliyeva ölkə birinciliyində mübarizə aparıb. İdmançımız 47 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıb. O, birbaşa qaldırmada 29 kiloqramın öhdəsindən gəlib. Təkanla qaldırmada isə 42 kiloqramı başı üzərinə qaldırıb. Ümumi nəticəyə əsasən ağır atletimiz ölkə çempionatında dördüncü yeri tutub. Qeyd edək ki, bu Gülcahan Əliyevanın ilk rəsmi yarışıdır. Tərmenxan Babayev isə yenidən ölkənin ən güclü atleti olduğunu sübut edib. Belə ki, 85 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız öz rekordunu da 17 kiloqram yeniləyib. Yeniyetmələr arasında mübarizə aparan ağır atletimiz birdəfəyə 137 kiloqram, təkanla qaldırmada isə 170 kiloqramın öhdəsindən səhvsiz gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonda qalib idmançılar mükafatlandırılıblar.