“EYOF Bakı 2019”: Cüdo yarışlarının birinci günündə Azərbaycan komandası 1 qızıl və 2 bürünc medal qazanıb
İyulun 24-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları start götürüb. Azərbaycan idmançıları yarışların birinci günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.
NUHÇIXAN xəbər verir ki, yarışların birinci günündə qızlar 40, 44, 48, oğlanlar isə 50, 55, 60 kiloqram çəki dərəcələrində çıxış ediblər. Festivalın cüdo yarışlarının birinci günündə Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulub.
Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq) yazdırıb. İdmançımız həlledici görüşdə rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub. T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.
Şükran Zamanlı (55 kq) üçüncü yer uğrunda görüşdə ukraynalı Vladislav Kolobovu ipponla məğlub edərək bürünc medala sahib olub. O, onaltıdabir finalda portuqaliyalı Migel Qaqo üzərində təmiz qələbə qazansa da, sonrakı mərhələdə macarıstanlı Benko Farkasa ipponla uduzub. Təsəlliverici görüşə qatılan idmançımız əvvəlcə almaniyalı David İkesi, daha sonra hollandiyalı Laurens Vilmsi ipponla məğlubiyyətə uğradıb.
XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında digər bürünc medalı komandamıza qadın idmançımız Gülşən Bəşirova (44 kq) qazandırıb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib. G.Bəşirova səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub etsə də, dörddəbir finalda rusiyalı Anastasiya Balabana ipponla məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız polşalı Natalia Stoklosa ipponla qalib gəlib.
Festivalda 40 ölkədən 297 cüdoçu iştirak edir. Azərbaycan bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.
İyulun 25-də qızlar 52, 57 və 63, oğlanlar 66 və 73, iyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.