Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.
NUHÇIXAN xəbər verir ki, "qırmızı-qaralar" bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxacaqlar. Rəqib isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək.
Bu kollektivlər 4 ildən sonra yenidən üz-üzə gələcəklər. 2015-2016 mövsümündə keçirilmiş Avropa Liqasının I təsnifat mərhələsinin oyularında "Qəbələ" Tbilisidə 1:2 hesabı ilə uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Həmin mövsüm Azərbaycan təmsilçisi tarixində ilk dəfə qrup mərhələsinədək irəliləməyi bacarıb.
Azərbaycan Kubokunun qalibi kimi avrokuboklara qatılan "Qəbələ"dən fərqli olaraq, "Dinamo" bu mövsüm mübarizəyə I təsnifat mərhələsindən başlayıb. Tbilisi komandası Andorra "Enqordani"sini evdə 6:0, səfərdə 1:0 hesabı ilə yenib. Bu komanda ötən mövsümü gümüş medalla başa vurduğu halda hazırda 21 oyundan 41 xalla liderdir. "Qəbələ" - "Dinamo" cütünün qalibi növbəti mərhələdə Hollandiya "Feyenoord"u ilə üz-üzə gələcək.
Flaqman isə Rusiyada "Arsenal"ın qonağı olacaq. Tula şəhərindəki "Arsenal" mərkəzi stadionunda təşkil olunacaq qarşılaşmaya Enea Yorcinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb. "Neftçi"nin ilk mərhələdə üstələdiyi Moldova "Sperantsa"sı (3:0, 6:0) kimi, bugünkü rəqibi də avrokuboklarda debüt edəcək. Üstəlik, "Arsenal" ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub. Lakin bu komanda mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayır. "Arsenal" - "Neftçi" cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.