İyulun 25-də UEFA Avropa Liqasında ilk oyunumuza çıxacağıq. Tbilisinin “Dinamo” komandası ilə qarşılaşacağıq. “Dinamo” ciddi rəqibdir və oyunun məsuliyyətini dərk edirik. Evdə keçiriləcək ilk görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq.
NUHÇIXAN xəbər verir ki, bunu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Dinamo” oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında deyib.
Gürcüstan çempionatı hələ davam etdiyi üçün rəqibin nisbətən yaxşı formada olduğunu vurğulayan baş məşqçi bildirib: “Biz hazırlıq prosesini yeni başa vurmuşuq. Rəqib çempionatda mübarizə apardığı üçün daha hazırlıqlı görünür. Biz iki mərhələdə keçən hazırlıq prosesində bacardığımız qədər futbolçuların bu dövr üçün yaxşı forma yığmasına çalışdıq. Meydana çıxacaq futbolçulara inanırıq. Onlar yoxlama oyunlarında istəkli olmaları ilə bizə ümid verdilər. Oyunçularımız bütün bunları meydanda nümayiş etdirməlidirlər. Rəqibin son oyunlarını da izləmişik. “Dinamo” ardıcıl qələbələr qazanıb və yaxşı təsir bağışlayır. Ümumilikdə isə deyə bilərəm ki, rəqib sürətli komandadır”.
“Qəbələ” – “Dinamo” oyunu saat 19:00-da başlayacaq.