İyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi tamam olur.
NUHÇIXAN xəbər verir ki, xalqımızın ulu öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib.
Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu ümummilli lider Heydər Əliyevin gənclərə böyük qayğısının göstəriciləridir.
İndi ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və öz müsbət nəticələrini verir.
2006-cı ildə dövlətimizin başçısının Fərmanı ilə yenidən təşkil olunan Gənclər və İdman Nazirliyi Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın tərəqqisində mühüm rol oynayan ən böyük qurumdur. Dövlətimiz ölkənin gələcəyini etibar edəcəyi gənc nəslin hazırlanmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq olunan və gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu. Dövlətimizin başçısının digər bir Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bundan başqa, 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi və bu çərçivədə silsilə tədbirlərin həyata keçirilməsi ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının ən bariz örnəklərindən biri oldu.
Sevindirici haldır ki, bu gün ölkə gəncliyi yaradılan əlverişli imkanlardan bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırır. Belə ki, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision – 2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənclər qələbə qazandılar. Bu qələbə mötəbər yarışmanın 2012-ci ildə Azərbaycanda keçirilməsinə səbəb oldu. Ölkəmiz bu yarışmaya yüksək səviyyədə ev sahibliyi etməklə öz adını “Eurovision” tarixinə böyük hərflərlə yazdı.
Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. İndi ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Bu gənclər müxtəlif sahələrdə Azərbaycanın inkişafında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, eləcə də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayırlar.
Dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. İndi bütün bölgələrdə yeni Olimpiya İdman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “İdman ili” elan edilən 2012-ci il idmançılarımız üçün xüsusilə əlamətdar oldu. Onlar 30-cu London Yay Olimpiya Oyunlarında uğurla çıxış etdilər. Ölkəmiz London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olundu, 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan qabaqkı olimpiadalardakı uğurlarını təzələdi.
Azərbaycanın dünya idmanına ən böyük töhfəsi ölkəmizin 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 30 aylıq qısa bir müddətdə inanılmaz nailiyyətə imza ataraq bu mötəbər idman turnirini ən yüksək səviyyədə təşkil etməyə nail oldu. Azərbaycan təkcə təşkilatçılığı ilə deyil, atletlərimizin uğurlu çıxışları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi.
Bu mötəbər idman turnirindən qısa müddət sonra 2016-cı ildə ölkəmiz 42-ci Ümumdünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşmasına, eləcə də Formula 1 Qran-Prisinə ev sahibliyi edən Azərbaycanda bu günlərdə daha bir nüfuzlu turnir - XV Avropa Gənclər Olimpiya Festivalı keçirilir.
Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində çoxşaxəli fəaliyyət həyata keçirən, bu sahədə dövlət siyasətinin uğurla reallaşmasında vacib rol oynayan Gənclər və İdman Nazirliyinin 25 illik uğurlu fəaliyyəti Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs orden və medallara layiq görülüb. Belə ki, gənclər və idman naziri Azad Rəhimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bundan başqa, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov 2-ci dərəcəli “Vətənə xidmətə görə”, nazir müavini Fərhad Hacıyev və nazirliyin aparat rəhbəri Rüfət Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər. Həmçinin 4 nəfər “Tərəqqi”, 23 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.