Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.
NUHÇIXAN Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparırlar.
Güləşçilərimizdən Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. Avropa Gənclər Olimpiya Festivalının çempionu daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də mübarizədən kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında C.Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. Festivalda tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.
Cavid Cavadov dünya çempionatına inamlı qələbə ilə başlayıb. Həmyerlimiz debütdə Rusiyadan olan rəqibinə “tuşe” ilə qalib gəlib. Ancaq dörddəbir finalda Özbəkistan idmançısına yenilib. Rəqib finala yüksəldiyi üçün Cavid iyulun 30-da təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Zirəddin Bayramov ilk mərhələdə Belarus təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Şəmkir güləş məktəbinin yetirməsi daha sonra Avropa çempionu və Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya idmançısına göz açmağa imkan verməyib və dördəbir finala yüksəlib. Ancaq qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisinə növbəti dəfə uduzub.
Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə yarışda çıxış edirlər.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyulun 30-da keçiriləcək.