Bu gün avrokubokların III təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək.
NUHÇIXAN xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasında İrlandiyanın “Dandolk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasında baş tutan ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
“Qarabağ” “Dandolk” səddini keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk matçında slovakiyalılar qələbə qazanıblar – 2:1.
Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İrlandiyada baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.