İtaliyanın “Yuventus” klubu və İngiltərənin “Mançester Yunated” komandası hücumçuları - Paulo Dibala və Romelu Lukakunu dəyişə bilərlər.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mənbənin məlumatına görə, klublar transfer barədə prinsipial razılaşma əldə ediblər. Yekun sazişin imzalanması üçün Dibalanın “qırmızı şeytanlar”la müqaviləni razılaşdırması lazımdır.
Həmçinin bildirilir ki, argentinalı futbolçunun agenti “Mançester Yunayted” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Londona gəlib.
“Transfermarkt” portalı 25 yaşlı argentinalını 85, 26 yaşlı belçikalını isə 75 milyon avro dəyərində qiymətləndirir.
Dibala 2015-ci ildən “Yuventus” klubunun şərəfini qoruyur. Turinlilərin heyətində o, dörd dəfə İtaliya çempionu, üç dəfə İtaliya kubokunu, iki dəfə isə İtaliya Super kubokunun qalibi adı qazanıb. Ötən mövsüm “qoca sinyora”nın heyətində 42 oyunda meydana çıxan Paolo 10 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Romelu Lukaku 2017-ci ildə İngiltərənin “Everton” klubundan 75 milyon avro müqabilində “Mançester Yunayted”ə keçib. O, iki mövsümüm ərzində Mançester təmsilçinin heyətində 66 oyunda meydana çıxıb və 28 dəfə fərqlənməyə nail olub.