Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək və Culfa rayonlarının boksçuları da öz güclərini sınayıblar.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 14 çəki dərəcəsində 50 dəri əlcək sahibi qüvvələrini sınayıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə qızlar arasında Duyğu Hüseynova, Nuray Hümbətova, oğlanlar arasında isə Elcan Fərzəliyev, Süleyman Mirzəzadə, Hüseyn Məmmədli, Nurlan Quliyev, Taysun Xudadanov, Nihad Hüseynli, Əfrəsiyət Həsənov, Şulan Əhmədov, Nizami Novruzov, Ruhin Ağamalıyev, Kamran Allahverdiyev və Qasım Murtuzayev bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.