"Qəbələ" komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb

A- A A+

Avqustun 1-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" komandası səfərdə "Dinamo" klubu ilə qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, Tbilisidə Boris Payçadze adına stadiondakı matçda Azərbaycan komandasının heyətində ilk onbirlikdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Asif Məmmədov, Kristian Kuaku, Fernan Lopez, Merab Qiqauri meydana çıxıblar.

Finlandiyalı baş hakim Petri Vilyanenin idarə etdiyi görüş 3:0 hesabı ilə Gürcüstan təmsilçisinin xeyrinə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesab açılmayıb - 0:0. On yeddinci dəqiqədə Sənan Qurbanovun komandasının heyətində Fernan Lopezin ötürməsindən sonra Davit Volkov fərqlənmək imkanını əldən verib.

Görüşün 37-ci dəqiqəsində isə Rasim Ramaldanov "qırmızı-qaralar"ın digər futbolçusu İvitsa Juniçlə toqquşduqdan sonra sonuncu zədələnərək meydanı xərəkdə tərk edib. Zədəli futbolçunun əvəzinə meydana Sadiq Quliyev daxil olub. Qırx beşinci dəqiqədə Asif Məmmədovun zərbəsi dəqiq olmayıb.

"Dinamo"nun üstünlüyü şəraitində keçən ikinci hissədə rəqib komandanın heyətində Levan Şengeliya 68-ci və 88-ci dəqiqələrdə dubla imza atıb. Son dəqiqələrdə isə Kvame Karikari daha bir qol vurub.

Beləliklə, Azərbaycan kubokunun sahibi olan "Qəbələ" öz meydanında olduğu kimi, səfərdə də məğlub olaraq avroliqada mübarizəni dayandırıb.

Xatırladaq ki, komandalar arasında iyulun 25-də Qəbələ şəhərində keçirilmiş ilk matçda "Dinamo" 2:0 hesabı ilə qalib gəlmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: