FIFA iqamətgahının Sürixdən köçürülməsi imkanını öyrənir

A- A A+

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) yüksəkvəzifəli funksionerləri qurumun təqribən 90 il müddətində İsveçrədə yerləşən iqamətgahını bu ölkədən köçürmək imkanını nəzərdən keçirirlər. NUHÇIXAN xəbər verir ki, bu barədə “New York Times” qəzeti iki məlumatlı şəxsə istinadla avqustun 1-də məlumat verib.

Qəzet yazır ki, Canni İnfantino iyun ayında ikinci müddətə FIFA prezidenti seçiləndən sonra o, öz köməkçiləri qarşısına FIFA-nın Sürixdəki şüşə və polad konstruksiyalı iqamətgahdan köçürülməsi imkanını öyrənmək vəzifəsi qoyub. Yazıda deyilir: “Müzakirələr hələlik ilkin mərhələdədir. Lakin onlara müxtəlif amillər təsir göstərir. Amma əsas iki səbəb Avropanın hüdudlarından kənarda yerləşən ölkələrdən əməkdaşlar işə götürməklə və belə bir faktı etiraf etməklə bağlıdır ki, korporasiyaların məxfilik pərdəsi altında işlədikləri bir ölkədə fəaliyyəti davam etdirmək ictimaiyyətin etibarını yenidən qazanmağa çalışan təşkilatın məqsədləri ilə üst-üstə düşməyə bilər”.

Nəşr yazır ki, FIFA bununla bağlı açıq bəyanatlar verməyib, lakin iki məlumatlı şəxs qəzetə bildirib ki, FIFA Sürixi tərk etmək imkanını öyrənir. Qəzet yazır: “Plan Sürixdən tam imtina olunmasını və ya əməliyyatların qismən köçürülməsini nəzərdə tutur. Nəticədə FIFA dünyanın müxtəlif rayonlarında nümayəndəliklər aça bilər. Bu da FIFA-ya quruma daxil olan 211 assosiasiyanın fəaliyyəti ilə bağlı məlumatlılıq səviyyəsini yaxşılaşdırmaq və onlara nəzarəti gücləndirmək imkanı verəcək. Rəsmi şəxslər belə bir faktı da istisna etməyiblər ki, vəziyyət dəyişməyəcək və müxtəlif ölkələrdə əməliyyatlara rəhbərlik indiki iqamətgahdan icra olunacaq”.

Məlumatlı şəxslər onu da bildiriblər ki, FIFA-nın Parisə qaytarılması nəzərdən keçirilən imkanlardan biri ola bilər. Xatırladaq ki, FIFA 1904-cü ildə Parisdə təsis edilib və 1932-ci ildə oradan Sürixə köçüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: