Avqustun 3-də futbol üzrə Fransa Super kubokunun sahibi müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, həlledici görüşdə “Renn” komandasına qalib gələn “Paris Sen-Jermen” kubokun sahibi olub.
Çinin Şencen şəhərində oynanılan qarşılaşmada hesabı 13-cü dəqiqədə “Renn”in heyətində Adrien Huno açıb. Birinci hissə bu hesabla başa çatıb.
Lakin fasilədən sonra - 57-ci dəqiqədə Kilian Mbappe oyunda tarazlığı bərpa edib. Matçın 73-cü dəqiqəsində isə Anxel Di Maria Paris təmsilçinin qələbəsini rəsmiləşdirib. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyunda 2:1 hesabı ilə qalib gələn parislilər Fransa super kubokunu 9-cu dəfə başları üzərinə qaldırıblar.