Türkiyənin "Qalatasaray" komandası yoldaşlıq görüşündə İtaliyanın "Fiorentina" komandası ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, Florensiya şəhərinin "Artemio Françi" stadionunda keçirilən oyun İtaliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Cim-bom"un heyətində meydana Fernando Muslera, Jean Miçel Seri, Younes Belhanda, Martin Linnes, Rayan Donk, Jimmy Durmaz, Kristian Luyindama, Markos Texeyra, Yuto Naqatomo, Sofiane Fequli və Mbaye Diaqne çıxıblar.
"Fiorentina"nın üstünlüyü ilə keçən qarşılaşmada meydan sahiblərinin heyətində Kevin-Prins Boatenq (42-ci dəqiqə), Rikardo Sottil (45), Marko Benassi (61) və Covanni Simeone (83) fərqləniblər.
Türkiyə komandasının yeganə qolunu isə yeni transferi Emre Mor (51) vurub.
Xatırladaq ki, "Qalatasaray" 1999-2000-ci il mövsümündə UEFA Kubokunun qalibi olduqdan sonra komandanın baş məşqçisi Fatih Terim 19 il əvvəl "Fiorentina" komandasının baş məşqçisi təyin olunmuşdu.
Qeyd edək ki, "Qalatasaray" 2019-2020-ci illər mövsümündəki ilk rəsmi matçında avqustun 7-də "Akhisarspor"dan 1:0 hesabı ilə üstün olaraq superkuboka sahib olub.
"Sarı-qırmızılılar" yeni mövsümə hazırlıq çərçivəsində "Fiorentina" ilə oyundan əvvəl keçirdiyi dörd yoldaşlıq görüşündə Yunanıstanın "Panatinaikos" və Fransanın "Bordo" klublarına qalib gəlib, Almaniyanın "Leyptsiq" və "Ausburq" komandalarına isə məğlub olmuşdu.