UEFA rəhbəri klublarla ÇL formatının dəyişdirilməsi ilə bağlı müzakirələrin aparılacağı görüşü təxirə salıb
UEFA-nın prezidenti Aleksander Çeferin Avropa futbol klubları və liqalarının rəhbərləri ilə görüşü təxirə salıb. Görüşdə müxtəlif turnirlərin, o cümlədən Çempionlar Liqasının formatında dəyişikliklərin müzakirəsi nəzərdə tutulurdu.
Avropa Klublar Assosiasiyasının (ECA) başçısı Andrea Anyelli, Avropa Peşəkar Futbol Liqaları Assosiasiyasının (EPFL) prezidenti Lars-Krister Olsson ilə Çeferin arasında görüş sentyabrın 11-də təşkil olunmalı idi.
NUHÇIXAN bu barədə “rsport.ria.ru” saytına istinadla xəbər verir.
“Mən görüşü təxirə salmağa qərar verdim. Məzmunlu müzakirəyə hazır olacağımızı anladıqda yenidən dəvət göndərəcəyəm. Hazırda biz milli assosiasiyalardan rəylərin toplanması prosesindəyik. Mənə elə gəlir ki, indiki dövrdə yeni müzakirələr aparmaq hələ tezdir. Çünki biz müxtəlif tərəflərdən gələn rəy və təklifləri təhlil edirik”, - deyə Çeferin Anyelli və Olssona məktubunda yazıb.
“Siz hamınız yaxşı bilirsiniz ki, UEFA xüsusi olaraq 2024-2027-ci illərin yarışlar dövrünün nəzərdən keçirilməsi prosesinə adi qrafikdən xeyli tez başlayıb. Bu səbəbdən tələsməyin faydası yoxdur. Hər halda biz bu il qərar qəbul etməyi nəzərdə tutmuruq”, - deyə Çeferin əlavə edib.
EPFL Çempionlar Liqasında və Avropa Liqasında iştiraka klubların məhdud şəkildə daxil olunması barədə Anyellinin əsas ideyasına qarşı çıxış edir. ECA-nın İcraiyyə Komitəsi yaxın günlərdə Liverpulda toplaşacaq, 2024-cü ildən başlayaraq Avropa beynəlxalq klub turnirlərinin gələcəyinə komitənin baxışlarını müzakirə edəcəklər.
Daha əvvəl xəbər verilmişdi ki, ECA Çempionlar Liqasının qrup mərhələsinin formatını dəyişməyi təklif edir. İndi turnirin bu mərhələsində klublar hərəyə 4 komanda ilə 8 qrupa bölünüblər. ECA formatı hərəyə 8 komanda olmaqla 4 qrupa bölmək istəyir.
UEFA-nın nəzərdən keçirdiyi formatda isə Çempionlar Liqasında liqa sistemi əmələ gələcək, klublar isə çıxışlardan asılı olaraq dərəcədə yüksəlib yaxud enəcəklər. Ümumilikdə, turnirdə 128 komanda çıxış edəcək, onlar 3 diviziona bölünəcək. Layihəyə əsasən, ali divizionda indiki kimi 32 komanda çıxış edəcək. Lakin onlardan 24-ü milli çempionatlardakı çıxışlarının nəticələrindən asılı olmayaraq, avtomatik şəkildə gələn mövsüm üçün yerlərini qoruyub saxlayacaqlar.