NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun inkişafı üçün əlverişli şəraitin olması, o cümlədən yeni stadionların yaradılması nəzərə alınaraq Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarışda azarkeşlər maraqlı oyunların şahidi olublar.
Naxçıvan şəhəri üzrə keçirilən görüşdə Bulqan kənd komandası tumbullu həmkarlarını 9:2 hesabı ilə məğlub edib. Şərur rayonu üzrə isə 4 görüş keçirilib. Danyeri Yuxarı Daşarx komandasından (5:1), Dərəkənd Kərimbəyli komandasından (3:0), Yuxarı Aralıq Kürçülü komandasından (5:0), Xələc Aşağı Daşarx komandasından (2:1) üstün olub. Babək rayonunda keçirilən görüşdə Nəhəcir kənd komandası Qahab kənd komandasını minimal top fərqi ilə məğlub edib – 6:5.
Culfa rayonu üzrə keçirilən görüşlərdə Qazançı Saltaq komandasına qalib gəlsə də (3:0), Camaldın komandasına məğlub olub – 4:5. Ən böyük hesablı qələbə Kəngərli rayonunda qeydə alınıb. Belə ki, Qabıllı Çalxanqala komandasını 10 dəfə mərkəzə dəvət edib. Qıvraq isə Qarabağlar komandasından üstün olub – 5:1. Ordubad rayonu üzrə keçirilən görüşdə Düylün Azadkənd komandasını (6:1), Şahbuz rayonu üzrə Keçili Şahbuzkənd komandasını (3:1), Sədərək rayonu üzrə isə Qaraağac Kərki komandasını (12:6) məğlub etməyi bacarıb.