NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının kordinatoru Miloş Velebit tərəfindən “Elit məşq” layihəsinin təqdimat tədbiri olub.
Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı, AFFA rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.
Təqdimat mərasiminə qatılan Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayevin verdiyi məlumata əsasən uşaq futbolunun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin bir qolu da Naxçıvanda olacaq. Yəni artıq muxtar respublika üçün AFFA tərəfindən lisenziyalı elit məşq məntəqəsi ayrılıb.
2005, 2006, 2007 və 2008-ci illər təvəllüdlü futbolçulardan ibarət qruplarda aşağı yaş milli komandaların plan və proqramlarına uyğun məşqlər keçiriləcək. Layihənin məqsədi istedadlı futbolçuları üzə çıxararaq onları gələcəkdə müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarımızın heyətində çıxış edəcək səviyyədə formalaşdırmaqdır.