Yaponiyanın paytaxtı Tokioda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.
NUHÇIXAN xəbər verir ki, mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dünya və qitə cüdo təşkilatlarının rəsmiləri, milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 7 qadın və 8 kişi idmançısının ilk rəqibləri müəyyənləşib.
Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı ukraynalı Marina Çernyak, Leyla Əliyeva portuqaliyalı Katerina Kosta, 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva mozambikli Jaciro Ferreyra, Larisa Aleksandra Florian isə Honq-Konq cüdoçusu Şuk Ki Çui, İçinxorloo Munxtsedev (57 kq) panamalı Miryam Roper, Günel Həsənli (70 kq) avstraliyalı Ayfe Couglan, İrina Kindzerska (+78 kq) isə Sara Adlinqton (Böyük Britaniya) - Tessi Savelkous (Hollandiya) cütünün qalibi ilə mübarizə aparacaqlar.
Kişilər arasında Davud Məmmədsoy (60 kq) Tornik Çjakodea (Hollandiya), Nicat Şıxəlizadə (66 kq) vyetnamlı Quoc Xuan, Rüstəm Orucov (73 kq) Vadzim Şoka (Belarus) - Nuno Sarayova (Portuqaliya) cütünün qalibi, Hidayət Heydərov (73 kq) Conq Tan (Vyetnam) - Friqyes Zabo (Macarıstan) cütünün qalibi, Məmmədəli Mehdiyev (90 kq) Davis Duda (Latviya) - Peter Zilka (Çexiya) cütünün qalibi, Elmar Qasımov (100 kq) belaruslu Daniel Mukete, Zelim Kotsoyev braziliyalı Leonardo Qonsalves, Uşangi Kokauri (100 kiloqramdan yuxarı) avstriyalı Stefan Hegyi ilə güclərini sınayacaqlar.
Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək. Komanda yarışlarında millimiz Portuqaliya cüdoçuları ilə üz-üzə gələcək.