Braziliya yığmasının hücumçusu Neymar heyətində oynadığı Fransanın PSJ klubu ilə yaxınlaşmaq niyyətindədir. NUHÇIXAN xəbər verir ki, bu barədə “L'equipe” nəşrinə istinadla “Qazeta.Ru” məlumat verib.
Mənbənin məlumatına görə, klubun rəhbərliyi və futbolçu barışığa gəliblər, onların münasibətləri düzəlməyə başlayıb. PSJ başa düşür ki, 27 yaşlı futbolçunun yay transfer pəncərəsinin bağlanmasına qədər başqa komandaya keçməsi çox çətin olacaq. Daha əvvəl bildirilmişdi ki, PSJ bu komandanın heyətində oynamaq istəmədiyinə görə Neymarı satmaq niyyətindədir. Hazırda Neymara İspaniyanın “Barselona” və “Real”, habelə İtaliyanın “Yuventus” klubları maraq göstərirlər.
Vəziyyətlə tanış olan mənbə deyib: “Daha heç bir müharibə yoxdur”.
Neymar 2017-ci ilin yayında rekord məbləğ olan 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə keçib. Hücumçunun Fransa komandası ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Braziliyalı parislilərin komandasında müxtəlif turnirlərdə 58 görüş keçirib, 51 qol vurub və 29 səmərəli ötürmə edib. İki dəfə Fransa çempionu olub, Fransa Kubokunu, Liqa Kubokunu və Fransa Superkubokunu udub.