Avqustun 25-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında ikinci görüşünü keçirib.
NUHÇIXAN xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz Macarıstanın paytaxtı Budapeştdə Hollandiya yığması ilə qarşılaşıb. Görüş Hollandiya yığmasının 3:0 (25:15, 25:23, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda millimiz Xorvatiya yığmasını 3:2 hesabı ilə məğlub edib.
Voleybolçularımız növbəti görüşünü avqustun 26-da Macarıstan millisinə qarşı keçirəcəklər. Ertəsi gün Azərbaycan–Estoniya görüşü oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.
C qrupunun oyunları Budapeştdə təşkil olunub.
Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.
Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.
Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.