Avqustun 26-da Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizə aparıb.
NUHÇIXAN xəbər verir ki, təmsilçimiz Nicat Şıxəlizadə (66 kq) vyetnamlı Quoc Xuan, qazaxıstanlı Yerlan Serikcanov və daha sonra qırğızıstanlı Almaz Altınbek Uulunu məğlub etsə də, səkkizdəbir finalda misirli Məhəmməd Abdelmaugoudun öhdəsindən gələ bilməyib.
Digər təmsilçilərimizin də çıxışları uğurlu olmayıb. Belə ki, Gültac Məmmədəliyeva (52 kq) mozambikli Jaciro Ferreyra, Larisa Florian (52 kq) isə Honq-Konq cüdoçusu Şuk Ki Çui ilə qarşılaşmalarda qalib gəlsələr də, onaltıdabir finalda məğlub olublar.
Qeyd edək ki, yarışların ilk günü üç cüdoçumuz mübarizə aparıb. Onların hər üçü - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) yarışı medalsız tərk ediblər.