Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti görüşünə çıxacaq.
NUHÇIXAN xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz üçüncü turda Macarıstan yığması ilə qarşılaşacaq. Görüşü Bosniya və Herseqovinadan olan baş hakim Sinisa Ovuka idarə edəcək. Ona ukraynalı Andrey Kovalçuk kömək edəcək.
Millimiz ilk oyunda Xorvatiya yığmasına 3:2 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada isə Hollandiyaya məğlub olub - 0:3.
Hesabında 6 xal olan Hollandiya və Rumıniya komandaları qrupda ilk iki pillədə yer alıblar. Xorvatiya 4 xalla üçüncü, Macarıstan isə 3 xalla dördüncüdür. Millimiz 2 xalla beşinci sıradadır. Xalı olmayan Estoniya millisi isə qrupda sonuncudur.
C qrupunun oyunları Budapeştdə təşkil olunub.
Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.
Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.
Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.